Dileğimiz Türk Düşüncesinin Gelişmesidir

17 Aralık 2006

Cihan Şah

“Söylesem tesiri yok; sussam gönül razı değil”

Fuzuli

Özgürlük düşüncesine inanan, bağımsız düşünüp davranabilen, geleceği düşünceleriyle kazıyanlar, bizimle olsun!

Site Meter

Başsayfa

Eldeniz Abbaslı

Yazarlar

Türk Tarihi


"Şamlı" Adı Haqqında


Eldeniz Abbaslı


Azərbaycanda Türk tayfalarını adını özündə yaşadan kəndlər, yaşayış məskənləri mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı Şamlı kəndidir.

 

Tarixdən məlumdur ki, miladi tarixlə 1034-cü ildən başlayaraq Azərbaycana səlçuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır. Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişlər. Bunu tarixi mənbələr də təsdiq edir. Məhəmməd Həsən Vəliyevin (Baharlı) “Azərbaycan” adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) bu haqda məlumat verilərkən qeyd olunur ki: “...Başqa səlçuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlçuqlardan ibarətdir. Onlar “Şamlı” adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışlar. Burdan da onlar Azərbaycana keçərək öz adlarını aşağıdakı kəndlərə vermişlər:

Göyçay qəzasında – Şamlı; Ağdaş qəzasında – Şamlı”.

 

Hazırda Şamlı tayfasının öz adını aşağıdakı yaşayış məskənlərinə verdiyini görürük:

 

* Şamlı kəndi – Şimali Azərbaycanın Qəbələ və Zəngilan rayonlarında, Türkiyənin Balıkəsir vilayətində; 

*  Şamlu kəndi – Cənubi Azərbaycanda;

*  Hacı Şamlı kəndi – Şimali Azərbaycanın Kəlbəcər rayonunda (işğala qədər – müəl.);

*  Mirşamlı kəndi – Şimali Azərbaycanın Şamaxı rayonunda;

*  Yuxarışamlı və Aşağışamlı kəndləri – Türkiyənin Dənizli vilayətinin Ağköy rayonunda;

*  Çuxurşamlı kəndi – Türkiyənin Mərsin vilayətinin Anamur rayonunda;

* Şamlı şəhəri – Hindistanın Uttar Pradeş ştatının Muzaffarnaqar rayonunda;

* Şamlı kəndi – Türkmənistanda;

* Şamlı kəndi – İraqda.

 

Bundan başqa Şamlı (Şamlu), adını daşıyan məhəllə (Türkiyənin Aksaray şəhərində), dərə (Əfqanıstanda), Şamlılar adını daşıyan nəsil (Türkiyənin Dənizli vilayətinin Babadağ rayonunda), oymaq (Türkiyənin Ərzurum vilayətinin Uzundərə rayonunda), Şamlı (Şamlu), Şamlıoğlu soyadları (Türkiyədə, Özbəkistan, Şimali Kipr Türk Respublikası), ad (Hindistanda) və s. vardır. Bunlar sadəcə bizim bildiklərimizdir, kim bilir Şamlı (Şamlu) adını daşıyan bilmədiyimiz daha neçə kənd, məhəllə, nəsil və s. vardır. 

 

Türkiyəli tarixçi Vətən Özgülün internetdə yayınlanan “XIX yüzildən öncə Balaban aşirəti” adlı əsərində XIII əsrdə Suriyada qələbəlik bir Türkmən topluluğu-nun yaşadığı və bu topluluğun çox mühüm bir hissəsinin yayda Sivasın (Türkiyə) cənub bölgələrinə və Uzun Yaylaya (Türkiyədə) getdiyi qeyd edilir. Bunlara Şamlu, Şam Türkləri və ya Şam Türkmənləri deyilirmiş. Tarixçinin eyni adlı  əsərində bu tayfa haqqında belə yazılır: “...Səlçuqlular dövründən bəri Hələb-Antəp arasında qışlayan və Sivas-Gürün-Gəmərək arasında yaylayan Türkmən oymaqlarına Farsca tarixlərdə Ətrak-i Şam və ya Türkman-ı Şam, Türk xalqı arasında və Türkcə əsərlərdə də Şamlu deyilirdi. Osmanlı dövründə rəsmi sənədlərdə Hələb Türkmənləri deyilən Hələb-Antəp arasındakı topluluq başlıca Avşar (Afşar), Bəydili, İnallu, Harbəndəlu, Bayat kimi oymaqlara ayrılmışdı...”. Şamlı tayfası haqqında Türkiyəli professor mərhum Faruq Sümərin “Oğuzlar” kitabında da bəhs edilir. O, yazır: “...XIII əsrdə Suriyada qələbəlik bir türkmən elatı yaşayırdı. Bu elatın çox mühüm bir qismi yayda Sivasın cənub tərəflərinə və Uzun Yaylaya (Türkiyə – müəl.) çıxırdı. Bunlara şamlu, Şam türkləri və ya Şam türkmənləri deyilirdi”. Tədqiqatçının əsərində Şimali Suriya türkmənlərinin Səfəvi dövlətinin yaradılmasında Şamlı (Şamlu) adı altında iştirak etdikləri qeyd olunur. Faruq Sümər eyni adlı əsərində Şamlı boyu haqqında belə yazır: “...Şamlu yayda Sivasın güney (cənub – müəl.) tərəfində və Uzun Yaylada yaşayan, qışı Hələb bölgəsində keçirən türkmənlərin Bəydili, Xarbəndəlu, İnallu kimi oymaqların qollarından meydana gəlmişdir...”. Müəllif Şamlı (Şamlu) boyu haqqında yazarkən bunları qeyd edir: “...Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: Ustacalı-Ustahacılu (Səfəvi dövründə Ustaclu), Rumlu, Təkəlü, Zülqədər, Şamlu, Qaçar...”. Həmyerlimiz, alim Vasif İsmayıloğlu 2002-ci ildə İstanbulda nəşr olunmuş “Bir gün xəstəxanada, kürtləşmiş Azərbaycan Türkləri” adlı kitabında Şamlı boyu haqqında belə yazır: “...Quzey (Şimali – müəl.) Azərbaycanın Şamlu, Ayrımlu kimi Türkmən boyları Güneydoğu (cənub-şərq – müəl.) Anadolunun Türkmənlə-rindən ikən Yavuz Sultan Səlim zamanında məzhəb fərqliliklərindən (Hənəfi və Cəfəri məzhəbləri nəzərdə tutulur – müəl.) doğan ixtilafla əlaqədar köç etmişlərdir”. Türkiyəli professor Əbdülxaluq M. Çayın internetdə verilmiş “Azərbaycan və Türklər” məqaləsində də bu barədə məlumat var:

 

“...Qaraqoyunlular, Ağqoyunlular kimi Türkmən topluluqlarından sonra Anadoludan Azərbaycana gələn bu üçüncü böyük köçü təşkil edir. Bu Türkmən topluluqları arasında Sivas, Amasya, Tokat bölgəsindən gedən Ustacalu, Şamlu, Rumlu; Antalya bölgəsindən Təkəlü; Qaraman bölgəsindən Turqutlular və digərləri; Tarsus bölgəsindən Varsaqlar və Dulqədirlilər (Zulqədr)'i görürük”. Türkiyəli yazıçı Nihad Çətinqayanın “Qızılbaş Türklər (tarixi yaranışı və inkişafı)” kitabında Şamlı (Şamlu) tayfası haqqında bəhs edir. Tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev “Səfəvi Dövlətinin quruluşunda Türk aşirətlərinin rolu” məqaləsinə istinadən belə yazılır: “1576’da İskgəndər Münşi tərəfindən verilmiş buyruqlarda, Türk kökənli Qızılbaş aşirətlər, aşağıdakı kimi sıralanmışlardır: Samlu, Ustağlu, Türkmən, Rumlu, Dulkadir, Afşar, Kaçar, Təkəli və Hunuslu...1628 ilində  eyni yazıçı tərəfindən verilən siyahıda Türk aşirətlərinin siyahısı da verilmişdir: Şamlu, Ustaoğlu, Dulkadir, Qaçar, Avşar, Türkmən, İspirli, Rumlu, Qaradağlı, Bayat, Alpaqut, Kazaklı, Qacirlı, Bayburtlu. Şamlulular; Bəydili, Abdili, Arabgirli, Nikaz qəbilələrinə bölünmüşlərdi...”.

 

Türkiyənin Balıkəsir Universiteti tarix bölümünün dosenti Abdulməcid Mutaf məktubunda bildirdiyinə görə dörd ailənin Suriyadan gələrək Balıkəsirdə (Türkiyə) yerləşdikləri ərazi onların mənsub olduqları tayfanın adı ilə Şamlı adlandırılmışdır. Bundan başqa Türkiyənin Elazığ vilayətinin Ürünverən kəndində yaşayan Şamlı oymağına mənsub insanlar köklərinin Şamdan gələrək Elazığ vilayətinin kəndlərində və bir hissəsinin də Konya bölgəsində yerləşdiklərinə inanırlar. Türkiyənin Muğla vilayətində yaşayan Şamlı zabit Hacı Hüseyn Əfəndinin soyu yerli xalq arasında “Şamlılar” olaraq bilinir. Yeri gəlmişkən, köklərinin Suriyadan gəldiyinə dair inam Qəbələ rayonundakı Şamlı kəndinin köklü sakinlərində də var. Yaşlıların söylədiklərinə görə Şamlı kəndi yerləşən ərazidə ilk dövrlərdə üç-dörd ailə yaşayırmış. Fikrimizcə, Balıkəsirdə olduğu kimi Qəbələdə də bu ərazi orada məskunlaşan insanların gəldikləri yerin (Şam-lı, yəni, Şamdan gələnlər) və ya mənsub olduqları tayfanın (Şamlı) adı ilə “Şamlı” adlandırılmışdır. Bəlkə də hazırda Qəbələnin Şamlı kəndində yaşayanların kökü Şamlı əmirlərinə qədər çatır. Yeri gəlmişkən qeyd edək ki, Şamlı kəndinin adı bəzən səhv olaraq Şamılı kimi yazılır.

 

Cavad Heyətin internetdə yayınlanmış “Azərbaycanın Türkləşməsi və Azərbaycan Türkcəsinin Təşəkkülü” əsərində Əmir Teymurun Anadolu səfərindən qalib olaraq döndüyündə bir çox türk boylarını (o cümlədən Şamlı boyunu) Suriya və Anadoludan Azərbaycana gətirdiyi qeyd olunur: “...Özəlliklə Teymur Anadolu səfərindən qalib olaraq döndüyündə bir çox Türk boylarını Suriya və Anadoludan Azərbaycana gətirdi. Bunlar Şamlı, Musuulu, Rumlu, Kaçar, Afşar, Zulkadir, Kovanlu, Kozanlu, Təkəlu, Baharlu, Varsaqlu, Bəydili boyları olub Azərbaycanda qaldılar və bir çoxu Ərdəbil və ətrafında Səfəvi şeyxi (Şeyx Əli)nin (rəvayətə görə bu zaman yolda Topal Teymura rast gələn Səfəviyyə təriqətinin qurucusu Şeyx Səfiəddin Ərdəbilinin nəvəsi, bu təriqətin rəhbəri Şeyx Əli, Şamlı tayfasının bağışlanmasını xahiş edib və öz hörməti sayəsində buna nail olub – müəl.) ətrafına toplanıb onun və oğullarının müridləri oldular...”. Bu barədə İsmayıl Kayqusuzun “Qızılbaşlıq və Qızılbaşlar” adlı məqaləsində də var: “...1402 Ankara savaşında Yıldırım Bəyazidi böyük məğlubiyyətə uğradan Timur geri dönərkən, birlikdə götürdüyü otuz min əsir Türkməni, Ərdəbil şeyxi Xoca Əliyə hədiyyə etmişti. Əsir Türkmənlərin böyük əksəriyyəti Təkəlü və Qaramanlulardı...”. Abbasqulu ağa Bakıxanov internet vasitəsi ilə oxuduğumuz “Gülüstani-İrəm” adlı əsərində yazır: “...Sultan Məhəmməd Xudabəndə (Şah İsmayıl Xətainin böyük qardaşı – müəl.) taxta oturdu. ...Şamlı və sair tayfaların əmirlərindən bir neçəsinə Şirvanda torpaq verildi...”. Abbasqulu ağa Bakıxanov eyni əsərində daha sonra qeyd edir: “...Şirvanda Qaramanlı, Təkəli, Şamlı... və sair bir çox tayfalar vardır”. Tarixdən məlum olduğu kimi Qəbələ də müəyyən bir tarixi dövrdə (Şirvanşahların zamanında) Şirvan vilayətinin tərkibində olub. İnayətullah Rzanın internetdə yayınlanan “Aran adı nə üçün məhv oldu?” məqaləsində də bu fakt təsbit olunur: “...Şirvanşahların zamanında Qəbələ ki mülknişin idi və yerli hakimlərin hakimiyyəti altında olurdu, Şirvan hökümətinə tabe oldu...”

 

Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Türkiyəli alim İsmayıl Kayqusuzun internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də qeyd olunur: “...Təkəli, Şamlu, Ustaclu və Rumlu Türkmənlərin böyük bir qismi daha o zamandan (1470-ci ildə) İran və Azərbaycana köç edərək, Şeyx Heydərin ilk Qızılbaş ordusunu təşkil etmişlərdi”. İ. Kayqusuz daha sonra eyni adlı məqaləsində yazır: “...Bunların bəziləri, öncə sözü edildiyi kimi, Xoca Əlinin Ərdəbilə yerləştirdiyi Türkmənlərin (Təkəlü, Qaramanlu), o biriləri isə Şeyx Cüneydin savaşlarına qatılaraq, ya da Şeyx Heydər dönəmində (məsələn, Azərbaycanda kənd təsərrüfatı bölgəsinə yerləşmiş Şamlular kimi) gəlmiş bulunurlardı...”. Bu faktı İsmayıl Kayqusuz “Sufi qıran Çaldıran...” məqaləsində də təsdiq edir: “...Qızılbaş ordusunu təşkil edən Qızılbaş Türkmən qəbilələri də, son yarım yüz il boyunca Azərbaycan və İrana köçüb yerləşmiş əqrabalarından (qohum – müəl.) başqaları deyildi...”.

 

Fikrimizcə, Şamlı (Şamlu) adı ilə bağlı olan bütün yaşayış məskənlərinin sakinləri və bu adı daşıyan nəsillər arasında birbaşa bağlılıq, tayfa qohumluğu mövcuddur.

 

Son olaraq qeyd  etməyi lazım bilirik ki, bu qeydlər kökü ilə Şamlı kəndinə bağlı olan yazı müəllifinin bu torpağın tarixi keçmişinə işıq tutmaq cəhdi idi. Fikrimizcə, Şamlı kəndinin tarixi keçmişi haqqında geniş elmi tədqiqata ehtiyac vardır.

 

Eldəniz ABBASLI,

pedaqoji elmlər namizədi.

ADRES:

Talıblı küçəsi 42, mənzil 15

AZ 1122 Bakı-Azərbaycan

 


Notlar


1) Celâl BAYAR, Ben de Yazdım Millî Mücadeleye Gidiş, C:7, Sabah Yay., İstanbul-1997, sah:102
2) Zeki SARIHAN, Kurtuluş Savaşı Kronolojisi, C:II, TTK Yay., Ankara-1994, sah:494; kısmen aktarma Hıfzı TOPUZ, II. Mahmut’tan Holdinglere Türk Basın Tarihi, Remzi Kitabevi, İstanbul-2003, sah:109
3) Zeki SARIHAN, Kurtuluş Savaşı Kronolojisi, C:III, TTK Yay., Ankara-1995, sah:16; TOPUZ, Türk Basın Tarihi, sah:109
4) SARIHA


 

Eldeniz Abbaslı


Dünya Azerbaycanlılar Kongresi üyeliği yapmaktadır.


 



 


 


 



 


 


 



 


 


 Okumakta Olduğu Kitaplar
  
  
  
  
  
  
  
  
  
  
 Son Bir Yıldır Okuduğu Kitaplar
  
  
  
  
  
  
  
  
  
 

Başsayfa

Eldeniz Abbaslı

Yazarlar